Zaman -
zaman tariximizi vərəqlədikcə onun XX əsr intibahı, keşməkeşliyi, tərəqqisi və
tənəzzülü bəzən zamanın yükündən də ağır görsənir. Azərbaycan xalqı hər zaman
çiyinlərini bu yükün altına qürurla, dəyanətlə, qəhrəmancasına verib. Əsrlər
boyu tariximizdə çox döyüşlər, müharibələr baş verib. Bu müharibələrin törədilməsində
başlıca səbəbləri, əsasən, hər hansı bir dövlətin başqa bir dövlətə torpaq
iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olmuşdur. Bu müharibələrdən
ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən
silmək məqsədini güdən müharibələrdir. Ən pisi də odur ki, soyqırımları törədənin
özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir, dünya
ictimaiyyətini çaş - baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri
bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar
“kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır. “Dənizdən - dənizə Böyük
Ermənistan “yaratmaq xülyası ilə məkrli “qonşularımız”məhz belə qırğınlar,
soyqırımlar törədənlərin önündə getmişdir. Xalqımız Sovet hakimiyyəti illərində
beynəlmiləlçilik ruhunda tərbiyə olunduğundan əbədi düşmənimiz olan ermənilərin
törətdikləri dəhşətli faciələr unudulmuşdur. Hətta olanları yaddaşımızdan silmək
üçün indiki Şəhidlər xiyabanı olan Çəmbərkənd qəbiristanlığı köçürülmüş, yerində
böyük bir park salınmışdır. Xalqımızın ən böyük düşməni olan daşnak Şaumyanın
adını əbədiləşdirmək üçün heykəli ucaldılmış, adına parklar salınmış, onlarca kəndlər,
qəsəbələr, küçələr, kitabxanalar bu cəlladın adını daşımışdır. Azərbaycan
torpaqlarında erməni dövləti yaratmaq Rusiyanın çoxdankı planı idi. Ona görə də
Şimali Azərbaycanın işğal edilmiş bölgələrinə İran və Osmanlı imperiyasından
ermənilərin köçürülməsi təsadüfi deyildir. Hələ I Pyotrun dövründə əsası
qoyulmuş rus-erməni münasibətlərini həyata keçirmək üçün əlverişli şərait
yaradılmışdır. Erməni katalikosu Nerses Aştaraketsi köçürməni həyata keçirmək
üçün xüsusi layihə hazırladı. Rusiyanın İrandakı səfiri A. S. Qriboyedov bu
layihənin reallaşmasında əlindən gələni əsirgəmədi. A. S. Qriboyedov və general
İ. F. Paskeviç müqavilə hazırlanarkən İrandan ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi məsələsini də unutmadılar.Köçürülənlərə geniş
imtiyazlar verildi. Onlar 6 il müddətində hər cür vergi və mükəlləfiyyətlərdən
azad edilmiş, İrandan alınan təzminat hesabına onlara vəsait ayrılmışdır.
İrandan Azərbaycana 40-50 min nəfər erməni köçürülmüşdür. Bundan başqa
1828-1829 - cu illərin Rus-Osmanlı müharibəsində osmanlıların məğlub olması
Kiçik Asiyadan da ermənilərin köçürülməsinə əlverişli şərait yaratdı. Köçürülən
ermənilərin Cənubi Qafqazda, xüsusən Şimali Azərbaycanda məskunlaşdırılması qərara
alınmışdır. Ermənilər regiona köçürülərkən onların Şimali Azərbaycan
torpaqlarında, xüsusilə Naxçıvan, İrəvan və Qarabağda yerləşdirilməsi ən mühüm əhəmiyyət
verilirdi. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Yelizavetpol(Gəncə) əyalətinin
dağlıq və dağətəyi hissəsi, eləcə də Göyçə mahalında gəlmə ermənilər məskunlaşmışdılar.
Ermənilərin Şimali Azərbaycan torpaqlarında məskunlaşdırılması prosesi bütün
XIX əsrdə, eləcə də sonrakı dövrlərdə davam etdirilmişdir. Erməni
havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX - XX əsrlərdə müəyyən mərhələlərlə
azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş,
deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906
- cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni - müsəlman qırğınları” kimi
düşən bu qanlı faciələri hüquqi - siyasi baxımdan azərbaycanlılara qarşı
soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. 1905-1906-cı illərdə
Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə
Bakıda, sonra da İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda
və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri
İrəvan - Naxçıvan - Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində
yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin
ərazilərdə erməniləri gələcək Ermənistan dövlətinin əsasını qoymaq istədilər.
Sayları on mindən artıq olan erməni silahlı birləşmələri əvvəlcə Bakıda, sonra
İrəvan şəhərində və onun ətraf kəndlərində, Üçkilsə, Şərur - Dərələyəz və
Naxçıvan qəzalarında, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Tiflis şəhərində kütləvi
qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar. 1917-ci
il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən
istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütun “partiyası
Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar.
1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara
ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik - daşnak dəstələri azərbaycanlılar
yaşayan “Kərpicxana” , “Məmmədli “və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri
havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər
rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar.
Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec
idi,alova bürünmüş məhəllələrdə ölənlərin sayı - hesabı yox idi. Erməni faşistləri
heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türkdür deyə dərhal qətlə
yetirirdilər. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları işgəncələrlə
qətlə yetirirdilər. Azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət
ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı aprelin 2-də
A. Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabi müdafiə adı ilə çıxış edən bu
quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən biri olan, Ağa Musa
Nağıyevin oğlu İsmayılın əziz xatirəsini əbədiləşdirmək üçün tikdirdiyi
“İsmailiyyə”binasını yandırmış, “Açıq söz", ” Kaspi", “Baku” qəzetlərinin
redaksiyalarını dağıtmışdılar. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri
müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə,
qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. N. Nərimanov
erməni vəhşilərinin törətdikləri haqqında belə deyirdi:”Bolşeviklər bir müsəlmana
belə aman vermədilər. Müsəlmanlara hər cür cinayəti etdilər”. Erməni quldurları
Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı, Quba qəzasında 122 kəndi yandırmış,
on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər. Mart hadisələri əslində
bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Azərbaycanlıların
soyqırımı haqqında Ulu öndərin 26 mart 1998-ci il tarixli fərmanından:”Birinci
Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən
məharətlə istifadə edən ermənilər və… Bakı kommunası tərəfindən ümumən Bakı
quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata
keçirilməyə başlandı. Ermənilər evlərə od vurmuş, insanları diri-diri
yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və
digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Yenə
də ermənilər öz məkirli planlarını həyata keçirmək niyyətində idilər. 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən
divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunmuş bu qanlı faciə
minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan
edilməsi ilə qurtardı. Əlbəttə ki, Xocalı faciəsini bu soyqırımlar içərisində
qeyd etməsək olmaz. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli
səhifələrdən biri kimi daxil olmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli
və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata
keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında
uğurlu addımlar atıldı. Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi
ilə 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının cəsarətini
bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan
haqq yolundadır, bir yumruq kimidir. Bu birlik heç bir zaman pozulmayacaq.
Sevda Məmmədova,Xocalı rayon gənci